Kanadaya getmək xəyaldır? Bunlara diqqət etsəniz real olacaq...
Kanadanın SİZİN kimi immiqrantlardan təşkil olunmuş bir ölkə olduğunu və Kanadaya köçmək üçün sizə ən uyğun və ucuz məsləhət verəcək şəxsin yenə də SİZİN özünüz olduğunu bilirdiniz mi?
Kanadaya getmək üçün əvvəl Avropanı gəzmək lazımdır, sonra da ABŞ vizası almaq lazımdır. Bundan sonra Kanadaya müraciət etmək olar amma risk çox böyükdür. Sizə viza verilməmə ehtimalı çoxdur.
Kanadaya getməyin bir çox yolu var amma niyə görə heç kim asanlıqla gedə bilmir və bu məsələ getdikcə bir kabusa çevrilir?
KANADA VİZASINI NECƏ ALA BİLƏRƏM?
Kanada milyonlarla insanın xəyallarını bəzəyən ölkələr siyahısında yer alır. Səyahət üçün ideal ölkə hesab olunan Kanadaya hər il 50 milyona yaxın turistik səbəblərlə üz tutur.
Kanada vizasını əldə etmək bir çoxları üçün çətin, hətta mümkünsüz görünə bilər. Ancaq düzgün prosedur apararaq, həmçinin düzgün seçimlər edib şansınızı artıracaq faktorları öyrənərək mümkünsüz görünəni mümkün edə bilərsiniz!
Kanada Vizası Alma Ehtimalı
Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Kanadada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 700-800 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Kanada vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış şəxslər üçün Kanada vizasına müraciət riskli hesab olunur. Səyahət tarixçənizin yaxşı olması, daha öncə Şengen, ABŞ, Birləşmiş Krallıq kimi ölkələrin vizalarını almış olmağınız sizin Kanada vizasını əldə etməyinizə birbaşa, yüksək təsir göstərən amildir. Həmçinin, təcrübəmiz göstərir ki, Kanada vizasına müraciət edərkən sizin aktiv ABŞ vizanızın olması sizin üçün böyük üstünlük təşkil edir.
Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.
Viza Proseduru
Kanada viza müraciətini iki cür etmək mümkündür: onlayn və kağız üzərində müraciət
Onlayn müraciət zamanı müraciətçi onlayn portalda özü üçün bir hesab yaradır. Həmin hesaba daxil olaraq müraciət etmək istədiyi viza növünü seçir, lazımi sualları cavablandırır və bundan sonra tələb olunan sənədlərin (eyni zamanda ərizə formalarının) siyahısı göstərilən bir səhifə açılır. Bütün sənədlər sistemə yükləndikdən sonra isə müraciət təsdiqlənir, ödəniş etmək üçün səhifəyə yönləndirilir və onlayn şəkildə ödəniş edilir. Bundan sonra isə növbəti addımlar barədə bütün bildirişlər həmin hesaba göndərilir. Bildiriş gəldikdən sonra, müraciətçi həmin bildirişi çap edib pasportu ilə birlikdə ən yaxın viza mərkəzinə yaxınlaşıb barmaq izi verməlidir.
Barmaq izini verdikdən sonra artıq viza proseduru başlayır. Cavab bəlli olduqda isə yenidən hesaba bildiriş gəlir. Əgər cavab mənfidirsə, imtina səbəbini göstərilən bir bildiriş olur. Əgər cavab müsbətdirsə, pasporta viza etiketini yapışdırmaq üçün pasportun əsli tələb olunur. Müraciətçi həmin bildirişi çap edərək, pasportu ilə birlikdə viza müraciət mərkəzinə yaxınlaşır. Viza müraciət mərkəzi pasportu təhvil alır və viza etiketinin yapışdırılması üçün Ankaradakı Kanada səfirliyinə göndərir. Pasportun Kanada Səfirliyinə göndərilməsi, viza etiketinin yapışdırılması və Kanada Səfirliyindən geri viza müraciət mərkəzinə göndərilməsi proseduru təqribən 6-8 iş günü çəkir.
Kağız üzərində müraciət
Bu tip müraciət zamanı pasport da daxil olmaqla bütün tələb olunan sənədlərin əsli viza müraciət mərkəzinə təqdim olunur və onlar da öz növbəsində bu sənədləri Kanadanın Ankaradakı səfirliyinə göndərirlər. Ərizə formaları isə elektron şəkildə doldurulur, çap edilir və imzalanır. Onlar da sənədlərlə birlikdə viza müraciət mərkəzinə təqdim edilir. Sənədləri təqdim edərkən eyni zamanda barmaq izi də götürülür.
Viza rüsumu isə yenidən onlayn şəkildə edilir və ödəniş etdikdən sonra çek çap olunaraq sənədlərin arasına əlavə edilir.
Viza nəticəsi bəlli olduqdan sonra əgər viza verilibsə, pasport içərisində viza etiketi ilə birlikdə geri qaytarılır. Əgər vizaya imtina gəlibsə, pasport imtina kağızı ilə birlikdə geri qaytarılır.
Ümumilikdə isə Kanada turist viza müraciəti, adətən, 20-30 iş günü aralığında davam edir.
Viza xərclərinə 100 CAD (Kanada dolları) səfirliyin rüsumu, 85 CAD biometrik datanın götürülməsi üçün rüsum və 25 AZN viza müraciət mərkəzinin rüsumu daxildir. Siz 100 CAD + 85 CAD rüsumu onlayn olaraq, 25 AZN rüsumu isə viza mərkəzində nağd olaraq ödəyirsiniz.
Kanada Vizası Müraciəti üçün Sənədlər Toplusu
Kanada vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
•Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
•Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
•Şəxsiyyət vəsiqənizin surəti
•İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
•Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
•Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
•Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
•5x4.5 ölçüdə, ağ fonda şəkliniz
•Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
•Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
•İngilis dilində doldurulmuş ərizə formalarınız
•Viza rüsumunun ödənilməsini təsdiq edən sənədiniz
•Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.






Yorumlar
Yorum Gönder